"Azərbaycan dövlətinin xarici siyasət strategiyası yoxdur" Vətəndaş Hərəkatı-İctimai Palata "VikiLeaks: dünya, region, Azərbaycan" mövzusunda dinləmələr təşkil edib. Mövzu ilə bağlı çıxış edən "Şərq-Qərb Araşdırmalar Mərkəzi"nin rəhbəri Ərəstun Oruclunun fikrincə, saytın diplomatiya gizlinlərini açmasına siyasətlə qlobal iqtisadiyyat arasında gedən mübarizədə ikincinin üstün gəlməsi səbəb olub. Bu vasitə ilə qlobal iqtisadiyyat oyun qaydalarını dəyişərək dünyada öz yerini tutmaq istəyir. Bir sıra ABŞ jurnallarında "yeni dünya düzəni"lə bağlı dərc edilən məqalələrdə dünya dövlətlərinin təsnifatı verilib. Bu təsnifatlarda avtoritar və diktatura rejimlərinə "yeni dünya düzəni"ində göz yumulmaması, "məğrib zolağı" məsələsi barədə düşüncələrə də yer ayrılıb. Bu məqalələr dərc ediləndən cəmi 3 ay sonra həmin "məğrib zolağı"na düşən ərəb ölkələrində inqilbalar başlayıb. Hazırda dünya sürətli inkişaf mərhələsinə qədəm qoyub ki, bu inkişafda "VikiLeaks" saytının da müəyyən payı var. Həm də bu saytın gizlinləri açması "hansı dövlətin siyasətdə hansı yer tutması" həqiqətini ortaya qoyub. Ərəstun Oruclu "VikiLeaks"ın Azərbaycanla bağlı açıqlamalarında daha çox xarici siyasət sahəsinə, o cümlədən Azərbaycanın Türkiyə, İran, Rusiya və Gürcüstanla münasibətlərinə toxunub. Açıqlamalarda rəsmi Bakının Türkiyəyə mənfi münasibət bəsləməsi tənqid edilib. Rəsmi Bakının zahirən rusiyayönlü görünsə də bu dövlətlə qarşı səmimi olmadığı nəzərə çatdırılıb. "Bütün bunlar Azərbaycan dövlətinin xarici siyasət strategiyasının olmamasını göstərir-deyə Ə. Oruclu qeyd edib. İki il öncə Türkiyənin Ermənistanla sərhədləri açması məsələsinə Azərbaycanın müdaxiləsini əsassız, məntiqsiz, qanunsuz sayan natiq eynilə də Türkiyənin indi Azərbaycanın İsraillə münasibətlərə yenidən baxması tələbini əsassız sayıb. Amma o, vaxtilə rəsmi Bakı Ankaraya belə tələb verdiyi üçün indi də Ankaranın addımının haqlı olduğunu söyləyib və bu addımı "bumeranq effekti" adlandırıb. İsrail -Azərbaycan münasibətlərinə gəlincə İsrail Ermənistanla əlaqələri ciddiləşdirəndən sonra bu münasibətlərə yenidən baxmağın mümükünlüyü qeyd edilib. Son olaraq Ərəstun Oruclu İctimai Palatanın rəsmi Bakıdan Türkiyə ilə münasibətlərinə, məmurların İranla əlaqələrinə dair izahat istəməsinin vacibliyini önə çəkib.